Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, «Ofuqe Hövzə» mediasının rusiyalı mütəfəkkir və tədqiqatçı Fatimə Anastasiya Yejova ilə apardığı söhbətdə Ayətullah Xameneinin mənəvi, siyasi, elmi və sivilizasiya baxımından rəhbərliyi, eləcə də onun intellektual irsi fəlsəfi və transmilli baxışla araşdırılıb. Söhbətin tam mətnini hörmətli oxucuların diqqətinə təqdim edirik.
Giriş və şəxsiyyətin təqdimatı
İslam İnqilabının qələbəsi və İslam Respublikasının qurulması dünya mütəfəkkirləri qarşısında «din» və «siyasət»in kəsişməsi baxımından yeni üfüqlər açdı. Bu istiqamətdə Ayətullah Xameneinin (Allah ona rəhmət eləsin) rəhbərlik yolu həmin yolun layiqli davamı kimi daim beynəlxalq analitiklərin diqqət mərkəzində olub. O, «şiə mənəviyyatı» ilə «siyasi rasionalizm» arasında möhkəm əlaqə qurmağı bacaran və müasir dünyaya sivilizasiya quruculuğuna yönəlmiş bir model təqdim edən rəhbər kimi tanınır.
Onun şəxsiyyətinin fəlsəfi, hikmət və beynəlxalq aspektlərini izah etmək məqsədilə rusiyalı mütəfəkkir Fatimə Anastasiya Yejova ilə söhbət apardıq. O, Moskva Dövlət Universitetinin (MSU) fəlsəfə fakültəsinin məzunu, tərcüməçi, yazıçı, eymi zamanda rəssam və həmçinin tanınmış rusiyalı tədqiqatçıdır. Yejova uzun illərdir İslamşünaslıq, şiəlik və qadın araşdırmaları sahəsində fəaliyyət göstərir. Qərb və Şərq fəlsəfəsi ilə yaxşı tanış olan Yejova yeni bir baxış bucağından və hikmət yönümlü yanaşma ilə Ayətullah Xameneinin şəxsiyyətinin və rəhbərliyinin müxtəlif aspektlərini təhlil edir.
Hövzə və universitetin müəllim, alim və tədqiqatçılarının diqqətinə təqdim olunan bu müsahibə Ayətullah Xameneinin rəhbərlik simasını modernizm və Qərbin ateizmi ilə qarşılaşma şəraitində «sivilizasiya qurucusu model» kimi araşdırmağa çalışır.
1. Mənəvi hikmət və dövlət idarəçiliyinin (siyasətçiliyin) kəsişməsi
Sual: Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin məzunu kimi şəhid Ayətullah Xameneinin (Allah ona rəhmət eləsin) şəxsiyyətini «irfani süluk» və «siyasi idarəçilik»in kəsişmə nöqtəsində necə təhlil edirsiniz? Onun düşüncə strukturunda hansı element var idi ki, ona coğrafi sərhədləri aşaraq İslam dünyasından kənarda həqiqət axtaran insanlara təsir göstərməyə imkan verdi?
Fatimə Anastasiya Yejova: Hər şeydən əvvəl, bu diskursu İmam Xomeyni (r) başlatmışdı. O, eyni zamanda həm arif, həm ən yüksək dini mərcə — təqlid mərcəsi, həm də İslamın meydana çıxdığı ilk gündən mənəviyyatla siyasət arasındakı ayrılmaz əlaqəni vurğulayan siyasətçi idi.
Beləliklə, ilahi vəhy həm ibadət məsələlərini, həm də ictimai, siyasi, hərbi, ailə və iqtisadi məsələləri — müamilələri əhatə edir. Uca Allah tərəfindən bəxş edilən bu qanunların əsas məqsədi cəmiyyətdə ədalət və harmoniyanın bərqərar edilməsidir. Bu qanunların icrası üçün İslam qanunlarına hakim olan və dövlətlə cəmiyyəti həmin qanunlar əsasında idarə edə bilən dini-siyasi rəhbərə ehtiyac var.
Bu ideologiyanın digər mühüm məqamı tağutlara və ədalətsizliyə qarşı mübarizədə İmam Hüseynə (ə) tabe olmaqdır. Bu yanaşma yalnız Qərb müstəmləkəçiliyinin hakimiyyəti altında olan məzlum müsəlmanları deyil, bütün dünya məzlumlarını əhatə edir. Necə ki, İmam Əli (ə) buyurur:
> «İnsanlar iki dəstədir: ya sənin din qardaşındır, ya da yaradılışda səninlə eyni olan bir insandır (insanlıq qardaşındır)».[1]
Şəhid Ayətullah Xamenei bu düşüncə xəttinin davamçısı və onun sadiq ardıcılı idi. O, bu prinsipləri öz həyatında həyata keçirdi. O, imperializmə və Qərb kapitalizminə qarşı mübarizənin həqiqi simvoluna çevrildi. O, Qərbi Asiyada irqçilik, işğalçılıq və sionist aparteidlə mübarizə aparan müqavimət hərəkatlarının formalaşmasına böyük töhfə verdi.
Bu mərhum rəhbərin digər mühüm xüsusiyyətlərindən biri də onun elmə və incəsənətə xüsusi diqqət yetirməsi idi. O, daim elmi inkişafı təşviq edirdi. Bu məsələ yalnız onun çıxışlarında deyil, şəriət hökmlərində və fətvalarında da öz əksini tapıb. O, müxtəlif elm sahələrində, eləcə də tibblə bağlı fiqhi məsələlərdə yüksək bilik və səriştəyə malik idi.
O, həmçinin incəsənətə də dərindən bələd idi və ədəbiyyatı həqiqətən sevirdi. O, Rusiya və Fransa ədəbiyyatına, eləcə də Tolstoy, Şoloxov, Qorki və Hüqo kimi yazıçılara böyük dəyər verirdi. Bu xüsusiyyət ona konkret bir dinin və ya sivilizasiyanın sərhədlərini aşmağa, müxtəlif ölkələrin insanlarının sevgi və rəğbətini qazanmağa imkan verirdi.
2. Müasir ateizm qarşısında inqilabi rasionalizm
Sual: Müasir dünyanın mənəvi boşluq yaşadığı bir dövrdə onun «inqilabi rasionalizm» anlayışı Qərb materializminin yaratdığı dalanlara necə meydan oxudu? Sizcə, o, dini bağlılıqla müasir dünyanın tələbləri arasında qeyri-iranlı ziyalılar üçün başadüşülən və tətbiq edilə bilən hansı modeli təqdim etdi?
İslam İnqilabının ideologiyası yalnız şah rejiminin devrilməsi və İslam Respublikasının qurulması baxımından inqilabi deyildi; o, həm də solçu ateizm diskursuna qalib gəlmək baxımından inqilabi bir xarakter daşıyırdı.
Sovet İttifaqında bizə öyrədirdilər ki, hər bir din zalımların xidmətindədir və əslində məhz bu məqsədlə uydurulub. Deyilirdi ki, qlobal ədalətsizlik və kapitalizmlə mübarizə aparan həqiqi kommunist ateist olmalıdır. Çünki din bütün hakimlərin və vəzifəli şəxslərin Allah tərəfindən təyin edildiyini öyrədir.
Əlbəttə, təhrif olunmuş dinlərin belə fikirləri təbliğ etməsi mümkündür. Lakin həqiqi ilahi din bu yanaşmaya qəti şəkildə qarşıdır. Həqiqi din öyrədir ki, zülmə, zalım hakimlərə, işğalçılığa, aparteidə və digər ədalətsizliklərə qarşı mübarizə aparmaq lazımdır.
İslam İnqilabı bu dini prinsiplərin həyata keçirilməsinin parlaq nümunəsinə çevrildi.
Ateistlərin vurğuladığı digər məqam isə dinlə elmin ziddiyyət təşkil etməsidir. Bəzi konkret dinlər barədə bu iddia doğru ola bilər. Lakin daha əvvəl qeyd etdiyim kimi, Ayətullah Xamenei elmi inkişafı və Qurani-Kərimin mütəşabih ayələrinin müasir elmlə ziddiyyət təşkil etməyəcək şəkildə dərk edilməsini təşviq edirdi. Bu yanaşma həqiqi İslam rasionalizminin göstəricisi idi.
3. Qərb gənclərinə məktubların geosiyasəti
Sual: Ayətullah Xameneinin Qərb gənclərinə ünvanladığı məktubların həqiqət axtaran ziyalıların mədəni yanaşmalarının dəyişməsinə təsirini necə qiymətləndirirsiniz? Bu addımı Qərbin media monopoliyasını sındırmaq və «fitrət diplomatiyası» yaratmaq istiqamətində hansı fəlsəfi məntiqlə izah etmək olar?
Təəssüf ki, Qərb təbliğatı həqiqi İslamın yayılmasının qarşısını almağa və onun simasını təhrif etməyə çalışır. Buna görə də bu hikmətli mesajın Qərbin bütün gənclərinə çatıb-çatmadığına əmin deyiləm. Lakin əminəm ki, onların çoxu bu mesajla tanış olub.
Bununla belə, Qərb gəncləri arasında müsbət proseslərin şahidi oluruq. Onların bir çoxu Qəzzadakı müharibəyə və minlərlə fələstinlinin qətlə yetirilməsinə etiraz etmək üçün küçələrə çıxır. Şübhəsiz ki, Ayətullah Xameneinin mesajı bu prosesə təsir edən əsas təməl daşlarından biri olub.
4. «Qadının üçüncü modeli»nin izahı
Sual: Qadınların cəmiyyətdəki mövqeyi ilə bağlı fəaliyyətinizi nəzərə alaraq, şəhid rəhbərin «qadının üçüncü modeli» — nə Şərq, nə də Qərb modeli — barədə baxışını Rusiya və ona qonşu ölkələrin intellektual mühitində necə qiymətləndirirsiniz? Bu baxış müasir müsəlman qadınının kimliyinin yenidən müəyyənləşdirilməsinə nə dərəcədə kömək edib?
Bu, çox mühüm və günümüz üçün aktual olan bir məsələdir və Qərbdə geniş şəkildə yanlış başa düşülür. Onlar düşünürlər ki, iranlı və müsəlman qadınlar patriarxal sistemin təzyiqi altında yaşayırlar. Halbuki həqiqi İslam nə patriarxallığı, nə də matriarxallığı və feminizmi təbliğ edir.
Bir çox ənənəvi Şərq cəmiyyətlərində qadınlara təhsil almaq, incəsənət və elmləri öyrənmək, həyat yoldaşını seçmək hüququ olmayan insanlar kimi yanaşılır. Onların vəzifəsi yalnız ərinə xidmət etmək, yemək bişirmək, təmizlik işləri görmək, uşaqlara qulluq etmək və sair kimi təqdim edilir. Bəzi insanlar bu patriarxal adət-ənənələri İslami qaydalar hesab edirlər, halbuki belə deyil.
Ayətullah Xamenei qadınların həm ailədə, həm də cəmiyyətdə ictimai fəaliyyətini təşviq edirdi. O, qadınların ali təhsil almasını, cəmiyyətdə yüksək mövqelərə yüksəlməsini, elm və incəsənətlə məşğul olmasını mühüm hesab edirdi; bir şərtlə ki, bunlar onların həyat yoldaşı və ana kimi əsas rollarına zərər vurmasın. Məhz bu, qadınlar üçün həqiqətən ədalətli, təbii və cəlbedici olan «üçüncü model»dir.
5. Sivilizasiya irsi və gələcəyə baxış
Sual: Rusiyalı bir tədqiqatçı kimi, Ayətullah Xameneinin qlobal Müqavimət cəbhəsi və müsəlman ziyalıları üçün neo-müstəmləkəçiliklə qarşıdurmada qoyduğu sivilizasiya irsini necə qiymətləndirirsiniz? Onun şəhid olması «yeni İslam sivilizasiyası» qarşısında hansı yeni üfüqləri açacaq?
Şəhidlik hər zaman şiəliyin və İslamın təməl daşlarından biri olub. Belə bir düşüncənin köklərini Peyğəmbərimizin (s) səhabələrinin həyatında, daha sonra isə İmam Əlinin (ə), İmam Hüseynin (ə) və digər məsum imamların (ə) şəhadətində görə bilərik. Əslində, şəhidlik şiə İslamının qəlbi və onun əsas mahiyyətidir. Biz inanırıq ki, şəhidlik ən böyük şərəfdir və şəhidlər diridirlər, cənnətin ən yüksək dərəcələrinə nail olublar.
Məhz buna görə Müqavimət cəbhəsinin mədəniyyəti hər zaman şəhidlik anlayışı üzərində qurulub. Düşmənin anlamadığı məqam da budur. Onlar düşünürlər ki, rəhbərlərimizi və komandirlərimizi şəhid etməklə Müqavimət oxunu qorxuya sala biləcəklər. Halbuki bunun əksi baş verir: bu hadisə onun ardıcıllarına daha böyük ilham verir və onların sayını artırır.
Hamımız İranın müxtəlif şəhərlərində insanların küçələrə çıxaraq İslam hakimiyyətinə sadiqliklərini nümayiş etdirdikləri yürüşlərin şahidi olduq. Onların arasında yalnız dindar insanlar deyil, tamamilə dünyəvi düşüncəyə malik şəxslər də var idi. Mən düşünürəm ki, bu, həqiqi şəriət qanunlarına, eyni zamanda elmə, gözəlliyə, ədalətə, biliyə və hikmətə əsaslanan yeni İslam sivilizasiyasının qurulması üçün zəminə çevrilə bilər.
6. Son sual
Sual: İllər boyu apardığınız araşdırmalar zamanı onun həyatında hansı əxlaq və ya intellektual xüsusiyyət sizə daha çox təsir edib və siz bunu şəhid filosofun özünüz üçün «əbədi irs»i olaraq seçmisiniz?
Şübhəsiz ki, heç bir qorxu və tərəddüdə yol vermədən ədalət uğrunda mübarizə aparması, məzlum insanlara yardım etməsi, Fələstinin sionist işğalından azadlığı uğrunda mübarizə aparması, eləcə də ABŞ imperializmi və həmçinin kapitalizminə qarşı mübarizəsi.
Mərhum rəhbərin incəsənətə olan marağı da məni çox cəlb edir. Çünki mən yalnız fəlsəfə fakültəsinin məzunu deyiləm, həm də yeni-yeni fəaliyyətə başlayan rəssam və yazıçıyam.
Qeyd
[1] İmam Əli (ə):
«...فَاِنَّهُمْ صِنْفانِ: اِمّا اَخٌ لَکَ فِی الدِّینِ وَ اِمّا نَظیرٌ لَکَ فِی الْخَلْقِ یَفْرُطُمِنْهُمُ الزَّلَلُ وَ تَعْرِضُ لَهُمُ الْعِلَلُ وَ یُؤْتیَ عَلی اَیْدیِهمْ فِی الْعَمْدِ وَ الْخَطَأِ فَاَعْطِهِمْ مِنْعَفْوِکَ وَ صَفْحِکَ مِثْلَ الَّذی تُحِبُّ اَنْ یُعْطیَکَ اللّه ُ مِنْ عَفْوِهِ وَ صَفْحِهِ...»
«...İnsanlar iki dəstəyə bölünür: Ya dində sənin qardaşındırlar, ya da yaradılışda sənin kimidirlər. Onlardan xətalar baş verir, müxtəlif hallar onlara üz tutur və onlar bilərəkdən və ya bilməyərəkdən səhvlərə yol verirlər. Sən də onlara öz əfv və bağışlamağından pay ver. Necə ki, Allahın Öz əfv və bağışlamasından sənə pay verməsini istəyirsən...»
— “Nəhcül-bəlağə”, 53-cü məktub.
Rəyiniz